Avstriya komandası Almaniya ilə, Xorvatiya millisi isə Polşa ilə münasibətlərə aydınlıq gətirəcək
Bu gün futbol üzrə Avropa Çempionatında B qrupunun son görüşləri keçiriləcək. Ən maraqlı qarşılaşma meydan sahibi Avstriya yığma komandası ilə Almaniya seçməsi arasında baş tutacaq. Almanlar bu görüşdə məğlub olacaqları təqdirdə, qitə çempionatı ilə vaxtında əvvəl vidalaşmalı olacaqlar. Avstriya millisi də bütün diqqətini və gücünü məhz bu oyuna yönəldib. Almanlara isə bu oyunda heç-heçə də qane edir.
Qrupun digər matçında, lider olaraq 1/4 final mərhələsinə vəsiqə qazanmış Xorvatiya millisi ilə Polşa komandası münasibətlərə aydınlıq gətirəcək. Polşa seçməsi də hələ ki, növbəti mərhələ şansını saxlayır. 3 turdan sonra B qrupunda maraqlı vəziyyət də yarana bilər. Belə ki, əgər panlar və meydan sahibləri qalib gəlsələr və hər iki kollektivin göstəriciləri eyni olsa, o zaman sonda gülən tərəf məhz Polşa millisi olacaq. Çünki qrupda belə bir vəziyyətin yaranacağı təqdirdə, bu kollektivlərin 2006-cı və 2008-ci il qitə çempionatının seçmə mərhələlərindəki göstəriciləri, bir qədər də konkretləşdirsək, orta hesabla hər oyunda qazanılmış xallar əsas götürüləcək. Burada isə Polşa komandası 2,167-lik göstərici ilə avstriyalıları üstələyəcək. Bütün bunlara isə start fiti 23-45-də veriləcək qarşılaşmalardan sonra aydınlıq gələcək. /ANS TV/
|